SİYASƏT
Almaniyanın Jena şəhərində Azərbaycan mədəniyyət gecəsi keçirilmişdir
Berlin, 16 iyun (AZƏRTAC). İyunun 15-də Fridrix Şiller adına Jena Universitetində bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr üç saatlıq mədəniyyət gecəsi keçirmişdir. Tədbirə universitetin yüzə yaxın müəllim və tələbəsi qatılmışdır. Bu cür tədbirlərin keçirilməsi Jena şəhərində artıq ənənə halı almışdır. Tədbirin keçirilməsindən məqsəd ölkəmizi digər xarici tələbələrə tanıtmaqdır. Həmyerlilərimiz tədbiri Azərbaycanın mədəniyyəti, incəsənəti və arxitekturası haqqında məruzə ilə açmışlar. Daha sonra “Bakı nəğməsi” adlı mahnını ifa ettmiş və proqram boyu milli rəqslər oynamışlar. Sonda isə tədbirin iştirakçıları Azərbaycan mətbəxindən milli yeməklər və şirniyyatlara qonaq edilmişdir. Gecə qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######