İDMAN
Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turnirinin açılış mərasimi keçirilib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə həsr edilən Alpaqut Turan döyüş sənəti üzrə açıq Şəmkir turnirinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov, alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazov, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şixəliyeva çıxışlarında ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışıblar. Azərbaycanda həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə uğurların ildən-ilə artdığını qeyd edən natiqlər ölkəmizin bütün şəhər və rayonlarında idmanla məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar.
Rəsmi hissədən sonra final oyunlarına start verilib.
Turnirdə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər Alpaqut Turan döyüş sənətinin aypara, batur, caymaz, qurşaq sistemləri üzrə qüvvələrini sınayırlar.
Qaliblər Şəmkir rayon gənclər və idman idarəsi tərəfindən kubok, diplom və medallarla təltif olunacaqlar.