CƏMİYYƏT
Altı ay ərzində ölkədə ilkin vərəmli xəstələrin sayı 1886 nəfərə bərabər olub
Bakı, 6 noyabr, AZƏRTAC
Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmli xəstələrin sayı 1886 nəfərə bərabər olub. Onlardan 1016-sı bakterioloji olaraq, 437-si kliniki təsdiqlənmiş, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir. Həmçinin eyni zaman aralığında respublika ərazisində ağciyər vərəminin kliniki növlərindən olan ocaqlı vərəmdən 251 nəfərin, infiltrativ vərəmdən 1145 nəfərin, gecikmiş vərəm formalarından isə 74 nəfərin əziyyət çəkdiyi aşkarlanıb. Uşaq və yeniyetmələr arasında 2 nəfərdə ilkin vərəm kompleksi, 31 nəfərdə ocaqlı, 81 nəfərdə infiltrativ vərəm, 7 nəfərdə isə vərəmin gecikmiş formasına rast gəlinib. Ağciyərdənkənar vərəm xəstəliyindən isə vərəm plevriti daha çox qeydə alınıb. Belə ki, 6 ay ərzində 237 nəfər bu xəstəliyə yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova məlumat verib.
“Keçən ilin iyunundan bu ilin oktyabr ayına kimi genişsaylı dərmanlaradavamlı 345 xəstədən 325 nəfəri müalicəyə cəlb olunub. Onlardan 11 nəfəri müalicədən imtina edib, 14-ü dünyasını dəyişib, 11-i rejimi pozub, 1-i isə Gürcüstana köçürülüb. Müalicəyə başlamayan 20 nəfərdən isə 11-i vəfat edib”, - deyə H.Qədirova bildirib.
Direktor Azərbaycanda vərəm üzrə vəziyyətin stabilləşdiyini də xüsusi vurğulayıb.