İQTİSADİYYAT
Altı ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10 mini ötüb
Bakı, 29 iyul, AZƏRTAC
Cari ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10 min 582-yə çatıb. Dövlət qurumlarının payına 3440, fiziki şəxslərin payına 2582, hüquqi şəxslərin payına isə 4560 sertifikat düşüb.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, son bir ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı isə 3 minə yaxın olub.
“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən iyulun 1-dək olan statistikaya əsasən, dövlət qurumları üzrə 69 min 422, fiziki şəxslər üzrə 19 min 792, hüquqi şəxslər üzrə isə 21 min 584 olmaqla, ümumilikdə, 110 min 798 “Elektron imza” sertifikatı istifadəyə verilib.
Qeyd olunub ki, “Elektron imza” virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi, “Elektron imza” virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir.