CƏMİYYƏT
Əmək və Sosial Münasibətlər Akademiyasında yay imtahan sessiyası sona çatıb
Bakı, 13 iyul, AZƏRTAC
Əmək və Sosial Münasibətlər Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 53 fənn üzrə imtahan veriblər.
Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, “Microsoft Teams” platforması vasitəsilə 173 onlayn qaydada şifahi imtahan keçirilib.
Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam şəkildə təmin edilib, lazımi texniki tədbirlər yüksək səviyyədə tətbiq olunub. Frontal sorğu formasında keçirilən imtahanlar bitdikdən sonra tələbənin qiyməti dərhal elan olunub.
Akademiyada imtahan nəticəsindən narazı qalan tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə onlayn şəkildə apelyasiya təşkil edilib.
Xatırladaq ki, builki tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsində akademiya rəhbərliyi tərəfindən tələbələrin xeyrinə bir sıra qərarlar verilib. Belə ki, onlayn dərslərdə iştirak etməyən tələbələr üçün imtahanlara giriş balı 34 bal, akademik borclarını ləğv etmək üçün alt qruplarda dərslərə yazılan tələbələrə imtahana giriş balı 34 bal, imtahan balı isə 17 bal, dərslərdə iştirak edən tələbələrin imtahanlara giriş balı isə 34-50 bal arası hesablanıb. Eyni zamanda, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Nazirlər Kabinetinin verdiyi qərar da tələbələr tərəfindən yüksək dəyərləndirilib.