Əməkdar İncəsənət Xadimi Həbib İsmayılovun anadan olmasının 110 illiyi qeyd olunub









Bakı, 14 iyun, Ceyhun Alışlı, AZƏRTAC
İyunun 14-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Həbib İsmayılovun anadan olmasının 110 illiyinə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Əməkdar İncəsənət Xadimi, kinoşünas Ayaz Salayev rejissorun Azərbaycan kinosundakı rolundan danışıb.
Bildirilib ki, H.İsmayılov 1958-ci ildə lentə aldığı “Ögey ana” filmi ilə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. Bu təməl ideoloji xüsusiyyətlərdən tamamilə uzaq olan melodram janrı idi. “Ögey ana” filmi ailə mövzusunun ideologiyadan üstün olduğu mesajını ötürürdü.
Diqqətə çatdırılıb ki, Həbib İsmayılov 1906-cı il fevralın 21-də Naxçıvanda dünyaya gəlib. 1927-ci ildə Moskvaya Mərkəzi Teatr Sənəti Texnikumunda təhsil alan unudulmaz sənətkar burada oxuduğu müddətdə böyük rejissor və pedaqoq Stanislavski ilə tanış olur və ondan öyrəndiklərini hər gün özü üçün təcrübə meyarı kimi qeyd edir. O, 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilir. 1943-cü ildən Bakı kinostudiyasında kinoxronika şöbəsinin rəisi kimi fəaliyyətə başlayan rejissor çoxlu sayda sənədli filmlər lentə alır. Həbib İsmayılov 1958-ci ildə kinoda ilk böyük işi olan “Ögey ana” filmini ekranlaşdırır. 1962-ci ildə isə Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında “Böyük dayaq” filmini çəkir.
Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə rejissorun lentə aldığı filmlərin səciyyəvi xüsusiyyətlərindən söz açaraq, xatirələrini bölüşüb. Rejissorun həyat və yaradıcılığı, sənət yolu haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıran A.Kazımzadə vurğulayıb ki, rejissorun çoxşaxəli yaradıcılığı kino mütəxəssisləri tərəfindən araşdırılmaqla yanaşı, gələcək nəsillərə ötürülməlidir.
Sonra rejissorun lentə aldığı “Böyük dayaq”, “Cəfər Cabbarlı”, “Ögey ana” və digər kinofilmlərdən fraqmentlər nümayiş olunub.
Qeyd edək ki, görkəmli rejissor 1966-cı il dekabrın 31-də 60 yaşında dünyasını dəyişib.