REGİONLAR
Amerikalı müğənni-bəstəkar Toni Memmeli Xaçmazda sevilən musiqilərini ifa edib VİDEO
Xaçmaz, 10 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda xeyriyyə konsertləri verən Amerikalı müğənni-bəstəkar Toni Memmelinin növbəti çıxışı aprelin 10-da Xaçmaz şəhərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert ABŞ səfirliyi, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə dəstəyi ilə reallaşıb.
Konsertdə bildirilib ki, bu, amerikalı bəstəkar-müğənni Toni Memmelinin Dövlət Departamentinin “İncəsənət elçisi” proqramının himayəsi ilə ölkəmizə ilk səfəridir. “İncəsənət elçisi” proqramı Amerika musiqiçilərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir. Toni Memmeli fiziki məhdudiyyətli musiqiçidir və onun proqramı belə insanların potensialını göstərir. O, anadangəlmə qolunun dirsəkdən aşağı hissəsinin olmamasına baxmayaraq, gitarada ifa etməyi təkbaşına öyrənib. 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub. Toni Memmeli qastrollarda iştirak edir, xarici ölkələrdə konsertlər verir.
O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb. Memmeli Azərbaycanda bir neçə təmənnasız konsert proqramı ilə çıxış edərək, fiziki məhdudiyyətli yerli musiqiçi və tələbələr üçün ustad dərsləri keçir.
Xaçmazdakı Amerika Mərkəzində təşkil olunan konsert fiziki məhdudiyyətli uşaqların ifası ilə başlayıb.
Daha sonra Toni Memmeli rəngarəng musiqi nömrələri ilə dinləyicilərin zövqünü oxşayıb.
Toni Memmeli aprelin 11-i Azərbaycan Milli Musiqi Konservatoriyasında, 12-si isə Salyan şəhərində konsert proqramı ilə çıxış edəcək.