REGİONLAR
“Əmlak” informasiya bülleteninin ilk nömrəsi çapdan çıxıb
Naxçıvan, 10 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin “Əmlak” informasiya bülleteninin ilk nömrəsi çapdan çıxıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bülletendə muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin maddi-texniki bazası, əməkdaşlar üçün yaradılan iş şəraiti, fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və tətbiq olunan yeniliklər, eləcə də daşınmaz əmlak və torpaq qanunvericiliyinin izahı ilə bağlı yazılar yer alıb.
Bülletendə daşınmaz əmlakın qeydiyyatının vətəndaşlar üçün əhəmiyyəti, qeydiyyatdan keçmiş əmlaklara dövlət tərəfindən verilən təminatlarla bağlı maarifləndirici məlumatlar da verilib. İnformasiya bülletenində, həmçinin muxtar respublikada torpaqların elektron uçotu sahədə görülmüş işlər, torpaq ehtiyatlarından səmərəli istifadə və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı təhlillər, komitə tərəfindən vətəndaşlara göstərilən səyyar və elektron xidmətlər barədə yazılar dərc olunub. Eləcə də vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası hazırlanıb.
“Əmlak” informasiya bülleteninin ildə iki dəfə nəşr olunması nəzərdə tutulur.