CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzinin əməkdaşları beynəlxalq təşkilatın iclasında iştirak ediblər
Bakı, 5 iyun, AZƏRTAC
Keçən ilin avqustundan etibarən “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi PIC/S (Pharmaceutical Inspection Convention and Pharmaceutical Inspection Co-operation Scheme – Əczaçılıq təftişi konvensiyası və Əczaçılıq təftişi üzrə əməkdaşlıq sistemi) beynəlxalq təşkilatına üzvlük prosedurunun ilkin mərhələsinə qəbul olunub. Bununla əlaqədar olaraq mərkəzin üç əməkdaşı təşkilatın onlayn keçirilən illik komitə iclasında iştirak edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Analitik Ekspertiza Mərkəzinin üzvlüklə əlaqədar statusu və bu istiqamətdə görülməsi nəzərdə tutulan işlər, tədbir iştirakçılarının diqqətinə çatdırılıb, PIC/S-in gündəmində olan gələcək təlimlər, təftişlər, qəbul və ya dəyişiklik edilməsi planlaşdırılan normativ sənədlər, eləcə də digər cari məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.