DÜNYA
Angela Merkeli Drezdendə çox soyuq qarşılayıblar
Berlin, 10 sentyabr, AZƏRTAC
Almaniyanın Federal kansleri Angela Merkelin bu vəzifədə Saksoniyanın paytaxtına sonuncu səfəri zamanı Drezden sakinləri onu fitə basıb və “Çıx get!” sözləri ilə qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, Merkel Drezdendə Saksoniya hökmdarlarının tarixi iqamətgahı yerləşən Svinqerə gələndə bu siyasətçidən narazı şəhər sakinləri onu fitə basıblar. Əllərində plakatlar tutmuş insanlar teatr meydanında sıraya düzülüblər. Bu rayon mühasirəyə alınıb, insanlar maneələrin yanında bir-birindən uzadılmış əl qədər məsafədə dayanıblar.
Merkel Svinqerdə Niderlandın baş naziri Mark Ryutte ilə birlikdə holland rəssamı Yohannes Vermeyerin sərgisinə baxmağı qərara alıb. Siyasətçilər daha sonra “Albertinum” təsviri sənət muzeyinə qədər piyada getmək istəyiblər, lakin sakinlər tərəfindən belə soyuq qarşılanmadan sonra planlarını dəyişərək avtomobildən istifadə etməli olublar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin