SİYASƏT
Ankarada Azərbaycanın orden və medalının təqdimetmə mərasimi keçirilib YENİLƏNİB
Ankara, 11 avqust, AZƏRTAC
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycanın Türkiyədəki səfirliyində təqdimetmə mərasimi təşkil olunub. Mükafatları Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təqdim edib.
Nazir Ceyhun Bayramov çıxışında bildirib ki, Türkiyə ilə münasibətlərin daha dinamik yüksəlişi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İki ölkə arasında əməkdaşlıq bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Münasibətlərimizin inkişafında mühüm xidmətləri olan şəxslərin Azərbaycan dövlətinin başçısı tərəfindən təltif edilməsi dostluq və qardaşlığımıza daha bir bariz nümunədir.
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım çıxışında qeyd edib ki, Prezident İlham Əliyev qardaş Türkiyə ilə münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycan Prezidentinin böyük siyasi təcrübəsi və yüksək intellekti sayəsində ərsəyə gələn strateji layihələr ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirib.
Təltif edilənlər göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, eləcə də liderlərin qətiyyətli siyasi iradəsi, mühüm məsələlərdə sərgilədikləri prinsipial mövqelər Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafında, iki ölkənin kompleks inkişafında mühüm təsirə malikdir.
Mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, sabiq nazirlər və digər görkəmli şəxslər iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara