CƏMİYYƏT
Ankarada müayinə olunan qazi: Vətənimizin müdafiəsi üçün hər zaman Ali Baş Komandanın əmrinə hazıram
Ankara, 26 sentyabr, AZƏRTAC
Azərbaycan xalqı üçün hər zaman Vətən müharibəsi kimi tarixdə qalacaq 44 günlük Zəfər savaşında Qələbəni bizlərə qazandıran şəhid və qazilərimizə ehtiram göstərmək hər birimizin mənəvi borcudur. Qazilərimizin şəhidlərə ehtiramını görmək, onlar haqqında xoş sözlərini eşitmək olduqca qürurvericidir.
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyənin Ankara şəhərində müayinə olunan, Vətən müharibəsi qazisi, Dövlət Sərhəd Xidmətinin kiçik giziri İntiqam Güloğlanlı ilə həmsöhbət olub. Təvazökarlıq edərək öz döyüş yolu, necə yaralanması barədə danışmaq istəməyən qəhrəmanımız böyük məmnuniyyətlə döyüş yoldaşlarını xatırlamağı və ehtiramını ifadə etməyə razılaşdı.
Ankarada Gülhanə Hospitalında cərrahiyyə əməliyyatı üçün müayinədən keçən kiçik gizir sağlamlığına göstərilən diqqətə və qayğıya görə səmimi minnətdarlığını ifadə edərək deyib: “Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayır, şəhidlərimizin valideynlərinə başsağlığı verirəm. Bu gün, sentyabrın 26-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş leytenant, döyüş yoldaşım Əbdülrəhimli Habil Qabil oğlunun ad günüdür. Onun əziz xatirəsini böyük ehtiramla yad edirəm Allah valideynlərinə səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
İntiqam Güloğlanlı hər iki ayağından qəlpə yarası alıb. Hazırda yeriyəndə qoltuq ağacından istifadə edən qazimiz dövlətimizin himayəsi ilə müalicə olunub sağalacağına əmindir. Qazi söhbət əsnasında vətənimizin müdafiəsi üçün hər zaman Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmrinə hazır olduğunu məmnuniyyətlə ifadə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara