ELM VƏ TƏHSİL
Aprel döyüşlərində AzTU-nun şəhid olmuş məzunları haqqında filmlərin təqdimatı olub
Bakı, 19 oktyabr, AZƏRTAC
Aprel döyüşlərində Azərbaycan Texniki Universitetinin (AzTU) şəhid olmuş məzunları haqqında çəkilən filmlərin təqdimatı keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov universitetdə vətənpərvərlik ruhunda aparılan tərbiyəvi işlərdən, şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra Aprel şəhidi, AzTU-nun elektrotexnika və energetika fakültəsinin məzunu Əbdülməcid Axundovun adına təsis edilmiş “Gənc mühəndis Əbdülməcid Axundov” mükafatının təqdimatı olub.
“Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyi tərəfindən təsis edilən mükafat bir vaxtlar Əbdülməcid Axundovun təhsil aldığı fakültənin tələbəsi Sənan Çərkəzliyə verilib.
Sonra AzTU-nun məzunları, Aprel şəhidləri Müşviq Orucova həsr edilən “Aprel Günəşi” və Mahir Quliyev haqqında çəkilən “Dərdim nurludur – Mahir Quliyev” sənədli filmləri nümayiş olunub. Filmlərdə hər iki şəhidin döyüşdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edilir.