REGİONLAR
Aqrar subsidiya siyasətində yenilik - 10 hektardan çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq VİDEO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”
Bərdə, 18 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən etibarən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq. Artıq Kənd Təsərrüfatı Nazirliyinin Regional Aqrokimya laboratoriyalarında torpaq analizlərinin götürülməsinə başlanılıb. Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin monitorinq nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil ediləcək və bundan sonra fermerlərə əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirlik tərəfindən EKTİS-dəki məlumatlar əsasında torpaq sahəsi 10 hektardan çox olan fermerlərin siyahıları hazırlanaraq rayonlara göndərilib. Dövlət Aqrar İnkişaf mərkəzləri fermerlər arasında müvafiq məlumatlandırma işləri apararaq onlara müəyyən olunmuş müddətdə torpaq analizi verməyi tövsiyə edirlər. Fermerlər arasında torpaq nümunələrindən analiz verməyə maraq böyükdür.
Bərdəli fermer Tural İsazadə neçə ildir əkin sahələrində məhsuldarlığın aşağı olmasından şikayətlənir. O, məhsuldarlığı artırmaq məqsədilə bu dəfə işini ehtiyatlı tutub və torpaq analizi üçün Bərdə Regional Aqrokimya laboratoriyasına müraciət edib: “Torpağımızın bəzi yerlərində şoran hissələr var, bəzi yerlərdə əkin zamanı məhsul çox az olur. Bu il torpaq analizi vermək qərarına gəldik. Bilmək istəyirik ki, torpağımızın tərkibində hansı elementlər çatmır. Gübrələri vaxtlı-vaxtında vermişəm. Mən fermerəm, bu işin mütəxəssisi deyiləm. Ona görə də torpaq analizi verib, mütəxəssis tövsiyəsi almaq istəyirəm. Biz öz bildiyimiz səviyyədə torpağı “müalicə” etdik, amma istədiyimiz nəticə ürəkaçan olmadı. Ona görə də laboratoriyaya müraciət etdik, analizin cavabı çıxsın, mütəxəssis nəzarəti olsun ki, yaxşı məhsul əldə edə bilək”.
Torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək üçün əlavə imkan yaradır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrində hər 5 hektardan bir nümunə götürülməsi məqsədəuyğundur.
Bərdə Regional Aqrokimya Laboratoriyasının şöbə müdiri Tutu Aslanova ilə bu barədə söhbət edirik. Deyir ki, hər bir fermerin əkin-biçinlə məşğul olarkən, əsas məqsədi məhsuldarlığın artması və yaxşı qazanc götürməsidir. Analizlər dəqiqliklə aparılarsa, tövsiyələr düzgün verilərsə, nəticədə qazanan tərəf də fermer olacaq. “Analizdən sonra fermer artıq bilir ki, onun torpağında hansı qida elementi azdır və əkin zamanı buna uyğun gübrə tətbiq edir. Bu səbəbdən fermerlərə torpaq analizi verməyi məsləhət görürük. Laboratoriyamızda analizlər dəqiqliklə aparılır, analizin nəticələrinə uyğun olaraq fermerlərə lazımi tövsiyələr verilir”, - deyə o qeyd edib.
Torpaq nümunələrini aqrokimya laboratoriyalarına fermerlər özləri də gətirə bilərlər. Bu barədə danışan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov əlavə edib ki, nümunələrin götürülməsinə dair müvafiq təlimatlar hazırlanıb, fermerlər arasında təlimatla bağlı müvafiq məlumatlandırma işləri aparılıb. Fermerlərin gətirdiyi torpaq nümunələri Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının tərkibində olan aqrokimya laboratoriyalarında analiz olunur və analizin nəticəsi qısa müddətdə fermerlərə təqdim edilir.
Nazirlik rəsmisi onu da qeyd edib ki, fermerlərin torpaq nümunəsi götürdüyü yerlərin coğrafi koordinatları mütləq qeyd olunmalıdır.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimyəvi laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda fermerlərə torpağın tərkibi ilə bağlı ən müxtəlif analizlər vermək imkanı yaradılıb. Analizlər ən müasir avadanlıq və cihazlar vasitəsilə aparılır.