ELM VƏ TƏHSİL
Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropoloji mərkəz yaradılacaq
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) nəzdində antropoloji mərkəzin yaradılmasına və əsasnaməsinin müzakirəsinə həsr olunan tədbir keçirilib.
AEİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu institutun direktoru, professor Maisə Rəhimova yeni yaradılacaq mərkəzə gələcəkdə müxtəlif elm sahələri üzrə mütəxəssislərin - geoloqlar, bioloqlar, tibb üzrə tədqiqatçılar və başqalarının cəlb olunmasının planlaşdırıldığını deyib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli antropoloji mərkəzin əsasnamə layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, layihədə əsasən fiziki antropologiya sahəsinə aid müddəalar əksini tapıb.
İclasda akademik Teymur Bünyadov, tarix elmləri doktorları Əsədulla Cəfərov, Hidayət Cəfərov, antropologiya elmləri doktoru Əliağa Məmmədli, tarix üzrə fəlsəfə doktorları Emil Kərimov, Səfər Aşurov, Zaur Həsənov və Fərhad Quliyev çıxış edərək mərkəzin adı, əsasnaməsi ilə bağlı fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, mərkəzin yaradılması təşəbbüsü olduqca aktualdır və əsasnamədə etnoqrafiya üzrə ixtisaslar da əksini tapmalıdır. Həmçinin qurumun fiziki antropologiya mərkəzi adlandırılması da təklif edilib.
Sonda komissiyanın yaradılması, təkliflərin antropoloji mərkəzin əsasnamə layihəsinə əlavə olunması qərara alınıb.