İQTİSADİYYAT
“Asan İmza” Estoniyada Avropa İttifaqı və Şərq Tərəfdaşlığı biznes-forumunda təqdim olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
“Asan İmza” Estoniyanın paytaxtı Tallinndə keçirilən “Rəqəmsal iqtisadiyyat: sərhədsiz şəffaf biznes üçün innovativ platforma” adlı Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin 4-cü biznes-forumunda təqdim olunub.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən forumun əsas məqsədi beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, şəffaflığın, yeni biznes-imkanların təmin edilməsi, eləcə də Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsindən ibarət idi. Forumda Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin 500-dən çox iş adamı, hökumət strukturlarının nümayəndələri iştirak ediblər.
“Elektron idarəetmə və rəqəmsal iqtisadiyyat – biznesin və iqtisadi mühitin dəyişilməsi” 1-ci plenar sessiyasında Azərbaycan Respublikasının nailiyyətləri “B.EST Solutions” Azərbaycan şirkətinin və Mobil ID layihəsi Konsorsiumunun rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim edilib. O, auditoriyanı Azərbaycanın innovasiyası sayılan “Asan İmza” mobil elektron imza və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının tətbiqi və işlənilməsi nəticələri ilə və “ASAN xidmət” innovativ dövlət agentliyi ilə tanış edib.
Bundan əlavə Yana Krimpe forum iştirakçılarını Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri ilə tanış edib. Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı – özəl əməkdaşlıqla birlikdə yaradılan ilk dövlət “Startup”ı və dövlət tərəfindən ilk zəmanət verilən beynəlxalq ticarət meydanıdır. Bu gün portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində “Azexport.az” portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür. Bu Sərəncama əsasən, “Asan İmza” Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq.
Azərbaycan innovasiyasının təqdimatı forum iştirakçılarının və moderatorların, həmçinin Avropa İnnovasiyalar Akademiyasının xüsusi marağına və geniş müzakirəsinə səbəb oldu.
Şərq Tərəfdaşlığı biznes-forumu cari il noyabrın 24-də Brüsseldə keçiriləcək illik “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində təşkil olunub.