İDMAN
Asif Məmmədov: Çempion da ola bilərdik
Bakı, 13 oktyabr, AZƏRTAC
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən yeniyetmələrimizin yaşı azdır. Üstəlik rəqiblərimiz, xüsusilə İtaliya və Yunanıstan təmsilçiləri çox güclü idilər. Buna baxmayaraq, əsas hədəfimiz qızıl medal idi. Təəssüf ki, əvvəllər nümayiş etdirdiyimiz nəticəni təkrarlaya bilmədik və ikinci olduq. Çempion da ola bilərdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Tarmerxan Babayevin gümüş medal qazanmasına münasibət bildirən ağır atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Asif Məmmədov deyib.
Baş məşqçi qeyd edib: “Olimpiada iştirakçıların güclü olmasına görə dünya və Avropa birinciliklərindən fərqlənir. İdmançıların sayının az olmasına baxmayaraq, Olimpiadada mübarizə aparmaq çox çətindir. Bu Olimpiya Oyunları yeniyetmələrin yarışı olsa da, böyüklər arasında keçirilən olimpiadadan heç də fərqlənmir. Olimpiya Oyunları kimi belə böyük, mötəbər yarışda gümüş medal qazanmaq əla nəticədir. Çox şükür ki, əziyyətimiz boşa getmədi. İnşallah, Tarmenxan gələcək yarışlarda da uğur qazanar, ölkəmiz üçün daha yaxşı nəticələr əldə edər. Ağır atletika həvəskarlarını, rəhbər və məşqçi heyətini, ağır atletika ailəsinin bütün üzvlərini bu uğur münasibətilə təbrik edirəm”.
Azərbaycan olimpiadada iki ağır atlet ilə təmsil olunub. Oktyabrın 11-də qızların yarışında 58 kiloqram çəki dərəcəsində çıxış edən Lalə Rzazadə altıncı yeri tutub.