İQTİSADİYYAT
Aşqabad forumu beynəlxalq enerji daşıyıcıları təchizatı ilə bağlı konkret məsələlər dairəsini müəyyənləşdirib
Aşqabad, 31 may, Laçın Sultanova, AZƏRTAC
Aşqabad energetika forumu beynəlxalq enerji daşıyıcıları təchizatı ilə bağlı konkret məsələlər dairəsini müəyyənləşdirməyə imkan yaradıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikirləri Beynəlxalq Energetika Xartiyasının “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” mövzusunda forumu çərçivəsində keçirilən media-forumda Energetika Xartiyasının baş katibi Urban Rusnak səsləndirib. Forumu faydalı görüş kimi qiymətləndirən Urban Rusnak deyib ki, enerji resurslarının tranziti çox mürəkkəb məsələdir, bununla belə dünən və bu gün energetika resurslarının tranziti üzrə çərçivə sazişinə nail olmaq üçün bəzi addımlar atılıb.
Nümayəndə heyətlərinin rəhbərləri bildiriblər ki, forumun nəticələri, ekspertlərin qənaətləri Energetika Xartiyası Konfransının noyabr ayında Aşqabadda keçiriləcək 28-ci sessiyasında qəbul ediləcək siyasi deklarasiyada əksini tapıb.
Bu il Türkmənistanın Energetika Xartiyası Konfransına rəhbərliyi çərçivəsində keçirilən Aşqabad forumunun Yekun sənədində vurğulanıb ki, enerji resurslarının tranziti üzrə Çoxtərəfli Çərçivə Sazişinin hazırlanması üzrə məqsədyönlü iş aparılır. Bu saziş enerji resurslarının beynəlxalq ticarətinin inkişaf amillərindən biri olacaq. Forum beynəlxalq enerji daşıyıcıları təchizatı, Energetika Xartiyasına üzv ölkələrin tələbatını əks etdirən mümkün alternativ həllərlə bağlı konkret məsələlər və problemlər dairəsini müəyyənləşdirməyə imkan yaradıb.