ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda beynəlxalq elmi seminar keçiriləcək
Bakı, 3 fevral, AZƏRTAC
AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda martın 4-də və 5-də “Canlı orqanizmdə baş verən patoloji proseslərə qarşı yeni enzim-izoenzim inhibitorların yaradılması” mövzusunda beynəlxalq elmi seminar təşkil olunacaq.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya elmləri doktoru Əfsun Sucayev AZƏRTAC-a bildirib ki, seminarda Türkiyənin Atatürk Universitetinin Biokimya kafedrasının professoru, Türk Elmlər Akademiyasının müxbir üzvü İlhami Gülçinin məruzəsi dinləniləcək. Məruzə son 5 ildə Aşqarlar Kimyası İnstitutunun alimləri ilə aparılmış müştərək beynəlxalq tədqiqatların və nüfuzlu xarici jurnallarda yayımlanmış məqalələrdə əks olunan mühüm nəticələrin müzakirəsinə həsr olunacaq.
Seminarda Azərbaycanın kimya, tibb və biologiya sahəsi üzrə nüfuzlu alim və mütəxəssisləri iştirak edəcəklər.
Xatırladaq ki, Aşqarlar Kimyası İnstitutu Türkiyənin Atatürk Universiteti ilə 2015-ci ildən elmi əməkdaşlıq edir. Müştərək tədqiqatların nəticələri haqqında “Web of Science” bazasına daxil olan jurnallarda 20 məqalə dərc olunub.