REGİONLAR
Astarada “Zirvə” Beynəlxalq Təlim-Məşq Bazası istifadəyə verilib
“Zirvə Astara” komandasına Azərbaycan Basketbol Federasiyasının çempionluq kuboku təqdim edilib
Astara, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Qamışoba kəndində inşa edilmiş “Zirvə” Beynəlxalq Təlim-Məşq Bazasının açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə çıxış edən “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov bazada görülən işlər, həyata keçiriləcək layihələr barədə məlumat verib.
Bildirilib ki, təlim-məşq bazasında idmanın basketbol, stolüstü tennis, çimərlik voleybolu və futbolu, şahmat, ağır atletika növləri üzrə təlim-məşq toplanışlarının təşkili və yarışların keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Məşq meydançası və zallar, kotteclər, 50 nəfərlik mehmanxana, çay evi, kafe və restoranlar komandaların ixtiyarına veriləcək.
Yeni beynəlxalq təlim-məşq bazasında ilk olaraq “Astara Open-2020” basketbol turniri keçiriləcək.
Diqqətə çatdırılıb ki, “Zirvə Astara” basketbol komandası 27-ci mövsüm boyu yarışların lider və favoriti olaraq bu ilin aprel ayında Azərbaycan Basketbol Federasiyası tərəfindən qalib elan edilmişdi. Ancaq, dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən ölkəmizdə elan edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq qızıl medallar və kubokun təqdimatı qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Digər çıxış edənlər qeyd ediblər ki, idman bazasında idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışların keçirilməsi və idmançıların istirahəti üçün hər cür şərait yaradılıb. Gələcəkdə burada təşkil ediləcək beynəlxalq yarışlarda iştirak edən idmançılar həm də Astaranın füsunkar təbiəti, zəngin mətbəxi ilə tanış olmaq imkanı qazanacaqlar. Belə bir idman arenasının istifadəyə verilməsi, rayonda idmanla yanaşı, turizmin də inkişafına öz müsbət təsirini göstərəcək, Astaranın turizm rayonu kimi ölkə hüdudlarından kənarda tanınmasına şərait yaranacaq.
Sonra basketbol üzrə Azərbaycan Superliqasının ötən mövsümünün qalibi olan “Zirvə Astara” komandasına Azərbaycan Basketbol Federasiyasının çempionluq kuboku təqdim edilib.
Açılış mərasimindən sonra “Zirvə” Beynəlxalq Təlim-Məşq Bazasında 3×3 basketbol üzrə “Astara Open-2020” turniri keçirilib.
Yarışda Azərbaycanın ən güclü və təcrübəli basketbolçularının yer aldığı komandalar mübarizə aparıblar.
On komandanın iştirak etdiyi turnirdə “AZFA” “Bestore Team”ı 7:6, “Gəncə Fires” isə “Bakı”nı 7:4 hesabı ilə yenərək finala yüksəliblər. Həlledici qarşılaşmada rəqibinə 19:18 hesabı ilə qalib gələn gəncəlilər “Astara Open-2020” kubokunun qalibi olublar.
Bundan əlavə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında VIII Zirvə Beynəlxalq Uşaq Oyunları çərçivəsində çimərlik voleybolu, çimərlik futbolu və kamandan oxatma üzrə yarışlarda yeniyetmə idmançılar qüvvələrini sınayıblar.