REGİONLAR
Astarada cari ilin birinci yarısında sənayedə qeyri-dövlət sektorunun payı 34,8 faiz olub
Astara, 4 avqust, AZƏRTAC
2022-ci ilin yanvar-iyun aylarında Astara rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 16018,4 min manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Sənaye məhsulunun 34,8 faizi emal, 64,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov məlumat verib.
Bildirib ki, sənayedə qeyri-dövlət sektorunun payı 34,8 faiz olub. Ümumi istehsalın 78,6 faizi sənaye məhsullarının istehsalı, 21,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş sənaye məhsullarının böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında bu ilin iyulun 1-i vəziyyətinə 588,5 min manatlıq hazır məhsul olub.