CƏMİYYƏT
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Astarada qadına qarşı soyğunçuluq edən şəxs polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Astara şəhər sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində rayonun Ərçivan qəsəbə sakini P.Zeynalovanın içərisində pul və mobil telefonu olan çantasını alaraq qaçıb. Lakin F.Məmmədov ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin Post Patrul Xidməti taqımının əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb. Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “Iphone” markalı mobil telefon aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.