CƏMİYYƏT


Avqustda hava şəraitinin qeyri-sabit keçməsinin səbəbi iqlim dəyişikliyidir

Bakı, 10 avqust, AZƏRTAC

Avqustda hava şəraitinin qeyri-sabit keçməsi qlobal iqlim dəyişikliyinin təzahürüdür. Regionda küləklərin istiqaməti və sürəti dəyişir. Bunun özü də böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər sahədə təzad yaradır. O həm kənd təsərrüfatına, həm də insanların sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də iqlim dəyişikliyinə, belə təzadlı hallara hazırlıqlı olmaq və uyğunlaşmaq lazımdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Akademikin sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramının hesabatında fəsil anlayışının unudulacağı fikirləri öz əksini tapıb: “Yəni yaz, payız, qış, yay fəsilləri anlayışı olmayacaq. Məsələn, yayda həm 40 dərəcə isti ola, həm də bir neçə gündən sonra hava şəraiti kəskin dəyişərək qar yağa bilər. Analoji hadisə 2015-ci ildə Azərbaycanda da qeydə alınıb. Həmin il yayda Qubada qar yağıb. Bütün bu təzadlar iqlim dəyişikliyinin təzahürüdür”.

“İqlim dəyişikliyi ətraf mühitə antropogen təsirin nəticəsində yaranır. İlk növbədə ABŞ, Çin, Hindistan kimi ölkələr atmosferə atılan karbon qazının miqdarını azaltmalıdırlar. Təəssüf ki, həmin dövlətlər karbon qazının səviyyəsinin azaldılmasına maraq göstərmirlər. Çünki bu, böyük xərc tələb edir. Nəticədə də belə təzadlı hallar müşahidə edilir. Onu qeyd edim ki, belə davam edərsə, ekstremal halların həm diapazonu genişlənəcək, həm də təkrarlanması artacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.