DÜNYA
Avropadan Banqladeşə gələnlər 2 həftə məcburi karantinə cəlb olunacaqlar
Pekin, 31 mart, AZƏRTAC
Banqladeş ölkədə COVID-19 virusuna yoluxmaları azaltmaq üçün Avropa ölkələrindən gələnlərin 14 günlük məcburi karantinə cəlb olunmasına qərar verib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Banqladeşin mülki aviasiya qurumu qərarın martın 31-dən qüvvəyə mindiyini açıqlayıb. Avropadan gələnlər hökumətin müəyyən etdiyi mehmanxanalarda öz hesablarına karantin dövrünü keçəcəklər.
Pandemiyanın yeni dalğasının müşahidə olunduğu Banqladeşdə virusla mübarizə tədbirlərini sərtləşdirməyə başlayıb. Martın əvvəlindən gündəlik yoluxma və ölüm hallarının sayı davamlı artır. Son 3 gündə isə yoluxma sayı 5 mindən çox olub.
Qeyd edək ki, Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsi ötən sutka ölkədə 5358 nəfərin COVID-19 virusuna yoluxduğunu, 52 nəfərin isə virus səbəbindən öldüyünü açıqlayıb. Ötən gün qeydə alınan gündəlik yoluxma sayı Banqladeşdə pandemiya dövründə antirekord olub. Ölkədə indiyədək virusa yoluxanların sayı 611 mini, ölənlərin sayı isə 9 mini ötüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin