DÜNYA


Avstriya paytaxtında ilk çətənə satışı avtomatı istifadəyə verilib

Vyana, 11 oktyabr, AZƏRTAC

Avstriya paytaxtında ilk çətənə satışı avtomatı istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, şəhərin əsas alış-veriş küçələrindən birində quraşdırılan avtomat ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu ölkədə narkotik xassəli çətənə (kannabis) bitkisindən istifadə və onun leqallaşdırılması ətrafında mübahisələr uzun illərdən bəri səngimək bilmir.

Avstriyanın “Dr. Greenthumb” şirkəti tərəfindən quraşdırılan avtomatda təqdim olunan üç qramlıq qutularda psixoaktiv tetrahidrokannabinol (THC) maddəsinin olduqca cüzi dozada (0,3 faiz) olduğu qeyd edilir. Şirkətin yaydığı məlumata görə, qutuların ilk növbədə tibbi özəlliyi diqqət mərkəzində saxlanılıb, belə ki, bitkidə zəngin şəkildə mövcud olan kannabidiol maddəsinin tibdə epilepsiya, iltihablar, depressiya və antipsixotik xəstəliklərə qarşı istifadəsi qeyd edilib.

Avstriya hökuməti ölkədə kannabis satışına qarşı qanunla məhdudiyyət qoymağa və qanunvericilik bazasını sərtləşdirməyə çalışsa da, Avropa İttifaqı aşağı dozalı narkotik maddələrin tədricən leqallaşdırılması istiqamətində qanunlar qəbul edir. Bu da öz növbəsində ayrı-ayrı üzv dövlətlərdən həmin qanunlara riayət etməyi tələb edir və Avstriyanın təkbaşına bu gedişatı dayandırmaq gücündə olacağı inandırıcı görsənmir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.