MƏDƏNİYYƏT
Avstriyada azərbaycanlı dizaynerin İslamiadaya həsr olunmuş milli kolleksiyası təqdim edilib
Bakı, 12 may, AZƏRTAC
Avstriyanın paytaxtı Vyanada Azərbaycanın tanınmış dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Bakı–2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş yeni kolleksiyasının nümayişi olub.
Gülnarə Xəlilovanın Milli Geyim Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəfilədə “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin dünyanın müxtəlif ölkələrindən olan finalçıları iştirak ediblər. Yeni kolleksiyada Azərbaycan milli ornamentləri yer alıb, geyimlərin özləri isə müasir stilizasiyada yaradılıb.
G.Xəlilova bildirib: “Məlum olduğu kimi 2015-ci ildə mənim milli geyim kolleksiyamın nümayişi Londonda Bakı Birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində baş tutub. Bu dəfə Bakıda İslamiada ərəfəsində kolleksiyamı Vyana şəhərində nümayiş etdirmək qərarına gəldim. Bu, milli dəyərlərimizin daha çox təbliğatına, habelə Avropa ictimaiyyətinin böyük hadisə olan İslamiadaya diqqətini cəlb etməyə istiqamətlənib. İslamiada təkcə idman, sülh və dostluq bayramı deyil, həm də gözəl ölkəmizi bütün dünyaya göstərməyin, çoxsaylı qonaqlarımızı qədim mədəniyyət və ənənələrimizlə tanış etməyin növbəti fürsətidir”.
Yeni kolleksiyanın nümayişi gecənin qonaqlarında böyük maraq yaradıb, onlar kolleksiyanı gur alqışlarla qarşılayıblar.