DÜNYA
Avstriyada sərhədyanı regionlarda yeni qaçqın mərkəzləri yaradıla bilər
Vyana, 21 yanvar, AZƏRTAC
Avstriyanın Daxili İşlər naziri Karl Nehammer yaxın gələcəkdə ölkənin sərhədyanı regionlarında qaçqın mərkəzlərinin yaradılacağını bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu mərkəzlərdə Avstriyadan sığınacaq istəyən şəxslərin işinə daha sürətlə baxılması təmin olunmalıdır. Macarıstan, Sloveniya və İtaliya ilə həmsərhəd ərazilərdə planlaşdırılan mərkəzlər miqrantların ölkə ərazisində paylanmasından sonra onların sığınacaq müraciətlərinə baxılması ənənəsinin qarşısını almalıdır. Həmin mərkəzlərdə öz müraciətinin cavabını gözləməli olan qaçqınlar müsbət qərar olmadığı təqdirdə yerləşdiyi mərkəzdən də ölkə ərazisindən çıxarılmalıdır.
Nazirin bu layihəsi müxalifət düşərgəsində kəskin tənqidlə qarşılanıb. Avstriya Azadlıq Partiyasının (FPÖ) Burqenland federal əyaləti üzrə rəhbəri Yohann Çürts bildirib ki, məhz sərhəddə yerləşdiyinə görə bu əyalətin qaçqın və qeyri-leqal miqrantların kütləvi saxlanma mərkəzinə çevrilməsi yolverilməzdir. Burqenland federal əyalətinin qubernatoru, Sosial-Demokratlar Partiyasının (SPÖ) bu əyalət üzrə sədri Hans Peter Doskotsil isə bu planı rəhbərlik etdiyi əyalətə qarşı “sui-qəsd” kimi dəyərləndirib. O, yeni naziri problemin məğzini anlamamaqda ittiham edib və yeni hökumətin piarına hesablanmış bu planın yerli əhalidə qəti etiraz doğurduğunu ifadə edib.
Qeyd edək ki, hazırda Avstriyada qaçqın qəbulu üzrə iki böyük mərkəz fəaliyyət göstərir. Onlardan biri paytaxt Vyana yaxınlığında, digəri isə Lints şəhəri yaxınlığında yerləşir. Yeni hökumət sığınacaq üçün müraciət etmiş şəxsləri ölkə içərilərinə buraxmadan, sərhədyanı ərazilərdə saxlamaq və mənfi qərar verildiyi halda ölkədən çıxarmaqla qeyri-leqal miqrantların sayını aşağı salmağa çalışır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana