CƏMİYYƏT
Avtomobil qaçıranlar “isti izlər”lə yaxalanıblar
Bakı, 2 oktyabr, AZƏRTAC
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-də saat 14 radələrində Quba şəhər sakini Veysəl Mirzəbəyovun “Volkswagen” markalı avtomobilinin Qəçrəş kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.
Nazirliyin Təhlükəsiz Şəhər Xidmətinin, Əlahiddə Çevik Polis Alayının və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan nəqliyyat vasitəsi paytaxtın Nizami rayonu Q.Qarayev prospektində saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Pərviz Hüseynov da tutulub.
Həmin gün saat 13 radələrində Bakı şəhər sakini Yadigar Əkbərovun “VAZ-2106” markalı avtomobilinin Zirə qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə daxil olmuş məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil qısa müddətdə qəsəbə ərazisində onu idarə edən Bakı şəhər sakini Eldar Qarayevlə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.