ELM VƏ TƏHSİL
“Axeoqrafik sənədlərin təsviri” əsəri nəşr olunub
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, Əməkdar Elm Xadimi, mərhum professor Cahangir Qəhrəmanovun “Axeoqrafik sənədlərin təsviri” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin elmi şurasının qərarı ilə nəşr olunan əsərdə XVI-XIX əsrlərdə tərtib olunmuş və institutda mühafizə edilən şah fərmanlarının, hökmlərin, qəbalələrin (alqı-satqı sənədləri), hibənamələrin (bağışlanan əşyaların sənədləri) və digər rəsmi sənədlərin təsviri əksini tapıb.
“Ön söz” də azərbaycanlıların yazı mədəniyyətinin tarixinə ekskurs edilib, Əlyazmalar İnstitutu və burada mühafizə edilən sənədlər barədə məlumat verilib.
Qeyd edək ki, kitab ilk dəfə 1969-cu ildə rusca nəşr edilib. Onu dilimizə tarix elmləri doktoru Tahirə Həsənzadə çevirib və kitaba ad göstəricilərini də əlavə edib.
Kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru filologiya elmləri doktoru Paşa Kərimovdur.