ELM VƏ TƏHSİL
AzTU Rumıniya ilə əməkdaşlığı genişləndirir
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) elektrodinamika və radioelektron vasitələri kafedrasının müdiri, professor Elşad İsmibəyli və həmin kafedranın dosenti Elmira Qasımova Avropa İttifaqının “Erasmus+KA107” layihəsi çərçivəsində Rumıniyanın Piteşti Universitetində elmi ezamiyyətdə olublar.
AzTU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlarımız energetika sahəsi üzrə Piteşti Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış ediblər və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Onlar Rumıniya Piteşti Universitetinin maddi-texniki bazası və təhsil infrastrukturu ilə tanış olublar.
Görüşlərdə iki universitetin tədris proqramları və “Erasmus+” layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.