CƏMİYYƏT
“Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq fotomüsabiqə keçirilir
Bakı, 27 yanvar, AZƏRTAC
“Gilavar” foto klubunun təşkilatçılığı ilə “Azerbaijan Photo Salon 2020” adlı beynəlxalq fotomüsabiqəsi keçirilir. Müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyasının və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının himayədarlığı ilə keçirilir.
Foto klubundan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə marağını artırmaq, beynəlxalq fotomüsabiqələrdə iştiraklarına dəstək vermək və fotolar vasitəsilə ölkəmizi dünyada tanıtmaqdır.
“Sərbəst rəngli”, “Sərbəst ağ-qara”, “Səyahət” və “İnsan” mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.
www.salon.gilavar.net saytı vasitəsilə keçirilən müsabiqədə dünyanın istənilən ölkəsindən peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər. Ən yaxşılara qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq. Həmçinin qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.
“Azerbaijan Photo Salon 2020” müsabiqəsi “Gilavar” foto klubu tərəfindən təşkil edilən sayca dördüncü beynəlxalq yarışdır.