İQTİSADİYYAT


Azərbaycan 3 ölkə ilə avtobuslar üzrə gömrük nəzarətinin sadələşdirilməsi barədə danışıqlar aparır

Bakı, 2 oktyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan 3 ölkə ilə avtobuslar üzrə gömrük nəzarətinin sadələşdirilməsi barədə danışıqlar aparır.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, hazırda İrandan tranzit keçməklə Naxçıvana gedən və Bakıya gələn avtobuslar üzrə gömrük nəzarəti sadələşdirilmiş qaydada aparılır. Avtovağzallarda gömrük nəzarəti zonaları yaradılaraq sərnişinlərə aid yüklər yoxlanılır, qeydə alınır, avtobusa yüklənir və avtobusun yük yerləri gömrük təminatı vasitələri ilə plomblanır. Sərhəd keçid məntəqələrində isə avtobusun yük yerləri gömrük təminatı altında olduğu üçün yüklərin yoxlanması həyata keçirilmədən rəsmiləşdirilir.

“Rusiyanın müxtəlif şəhərlərinə səfər edən avtobuslar üzrə gömrük nəzarətinin sadələşdirilmiş qaydada tətbiqi bir tərəfli olaraq həyata keçirilir. Ölkə ərazisindən yola düşən avtobuslar üçün avtovağzallarda yüklərə gömrük təminatı vurularaq gömrük nəzarəti və rəsmiləşdirilməsi aparılır amma Rusiya tərəfində sərhəd keçid məntəqələrində gömrük nəzarəti və rəsmiləşdirilməsi yüklərə yoxlama aparılmaqla həyata keçirilir. Hazırda hər üç ölkə Rusiya, Gürcüstan və Türkiyə gömrük orqanları ilə avtobuslar üzrə gömrük nəzarətinin sadələşdirilmiş qaydada aparılmasının qarşılıqlı tətbiqi barədə danışıqlar aparılır”, - deyə İ.Hüseynov vurğulayıb.

Komitə rəsmisi əlavə edib ki, ümumiyyətlə, ay ərzində təxminən 30 minədək sərnişin avtobuslarla sadələşdirilmiş qaydada sərhəd-gömrük buraxılış məntəqələrindən keçir, bu da gömrük orqanları tərəfindən vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində atılan addımlardandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.