Azərbaycan Akkreditasiya Mərkəzi ilə Xorvatiya və İtaliyanın milli akkreditasiya qurumları arasında anlaşma memorandumları imzalanıb
AzerTAg.az
Bakı, 26 may, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Xorvatiyanın Dubrovnik şəhərinə səfər edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Baş Assambleyasının 53-cü iclasında iştirak edib. İclasda EA-ya həqiqi üzv olan və həqiqi üzvlük üçün müraciət edən dövlətlərin milli akkreditasiya orqanlarında aparılan həmkar qiymətləndirmələrinin nəticələri müzakirə olunub, EA rəhbərliyinin, Məsləhət Şurasının, Çoxtərəfli Saziş Şurasının (MLA), Üfüqi Uyğunlaşdırma, Sertifikatlaşdırma, İnspeksiya, Laboratoriya, Kommunikasiya və nəşrlər komitələrinin təqdimatları və məruzələri dinlənilib.
Səfər çərçivəsində Xorvatiya Akkreditasiya Agentliyi (HAA) və İtaliyanın Vahid Akkreditasiya Orqanı (ACCREDIA) ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma memorandumları imzalanıb. Sənədlərə əsasən, tərəflər uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası üzrə birgə layihələrin həyata keçirilməsi, qurumlararası təcrübə mübadiləsi, seminarların təşkili, kadrların hazırlanması, uyğunluğu qiymətləndirən orqanların qiymətləndirmədə iştirakının təmin olunması və digər sahələrdə əməkdaşlıq edəcəklər.



Xəbərin mətnində orfoqrafik səhv var