REGİONLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Şabran, 26 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov Şabran və Siyəzən rayonundan olan vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabrandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbuldan əvvəl Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla anılıb.
Vətəndaşların müraciətləri əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, yerüstü piyada keçidlərinin qoyulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.