İDMAN
Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təcrübəsi digər ölkələr üçün nümunədir
Bakı, 15 iyul (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin Moskvanın Dmitrov rayonu üzrə sədri, “Marusey” İdman Klubunun Prezidenti Seyran Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda olmuşdur.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Bakıdakı “Arriva” mehmanxanasında Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti, Dünya Budo Döyüş Növləri Federasiyasının (DBDNF) birinci vitse-prezidenti Faiq Rəfiyev qonaqlarla görüşmüşdür.
Görüşdə F.Rəfiyev Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışmış, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycan artıq bir idman ölkəsinə çevrilmişdir. Bütün sahələrdə olduğu kimi, idmanda da sürətli inkişaf hiss olunur.
Budoçularımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən danışan F.Rəfiyev idmançılarımızın Ukraynada keçirilmiş dünya çempionatında 18 medal qazandığını diqqətə çatdırmışdır. Ölkəmizdə idmanın bu növü üzrə peşəkar idmançılar yetişdirilir və yerli federasiyanın fəaliyyəti başqa ölkələr üçün nümunədir. İlin sonunadək idmançılarımızı daha gərgin sınaqlar gözləyir. Əminəm ki, Azərbaycan idmançıları digər mötəbər yarışlarda da qazandıqları uğuru davam etdirəcək və üçrəngli bayrağımızı dalğalandıracaqlar.
S.Hüseynov Azərbaycanda idmanın bu növünün inkişafından məmnunluğunu ifadə etmiş və ölkədə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir. Əvvəlcə qonaq DBDNF-nin Rusiya nümayəndəsi təyin edildiyi üçün təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Rusiyada idmanın bu növü üzrə federasiyanın yaradılması istiqamətində mühüm işlər görülür. İlk olaraq böyük nailiyyətlər qazanmış Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təcrübəsindən yararlanmaq istərdik. Əvvəlcə idmanın bu növü üzrə məşqlər Moskvada, daha sonra isə Rusiyanın bütün əyalətlərində təşkil olunacaqdır. Əyalətlərdə, həmçinin yeni yaradılacaq federasiyanın bölmələri fəaliyyət göstərəcəkdir.
Sonra Rusiya Budo Döyüş Növləri Federasiyasının yaradılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Sonda S.Hüseynova fəxri olaraq altıncı dan qara kəmər təqdim olunmuşdur.