SİYASƏT


Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Milli Məclisdə Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tomas de Rementeria arasında görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov qonaqları salamlayaraq, ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışıb. Bildirib ki, hazırda 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunmasından sonra həmin ərazilərdə sürətli tikinti-quruculuq və bərpa işləri aparılır. Azərbaycan tezliklə keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün orada müasir infrastrukturun qurulması ilə məşğuldur.

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tomas de Rementeria Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək bu səfərin Çili və Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığının inkişafından da bəhs edilib.

Görüşdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Nigar Arpadarai çıxış edərək Çili və Azərbaycan arasındakı dostluq münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.

Söhbətdə iki ölkə arasında dostluq münasibətlərinin mədəniyyət, iqtisadi, təhsil, siyasət və digər sahələrdə yeni mərhələyə qədəm qoyacağına inam ifadə olunub. Qeyd edilib ki, əməkdaşlığın gücləndirilməsi müxtəlif platformalarda da qarşılıqlı dəstəyə yol açacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.