İQTİSADİYYAT
Azərbaycan COMCEC-in İstanbulda keçirilən iclasında rəsmi heyətlə təmsil olunur
Bakı-Tbilisi-Qars dəmir yolu İƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin dinamik yüksəlişi üçün xüsusi gücə malikdir
İstanbul, 22 noyabr, АZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında iqtisadi əlaqələrin dinamik yüksəlişi üçün xüsusi gücə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü iclası çərçivəsində keçirilən nazirlər toplantısında deyib.
İclasda Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeen, İslam İnkişaf Bankı Qrupunun prezidenti Bandar Hajjar və üzv ölkələrin region təmsilçiləri çıxış ediblər.
Çıxışçılar İƏT-ə üzv olan ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi, islam ölkələrinin qarşılaşdıqları problemlərin həll edilməsi, təbii sərvətlərdən və coğrafi mövqelərdən səmərəli istifadə edilməsi yollarına aid, eləcə də qarşılıqlı maraqları təmin edən yeni-yeni beynəlxalq iqtisadi layihələrin müzakirə edilməsi və maliyyələşdirilməsinə dair fikir və mülahizələrini bölüşüblər.
Rəsmi açılışdan sonra nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları olub.
Azərbaycanın birbaşa təşəbbüsü və səyləri nəticəsində həyata keçirilən beynəlxalq nəqliyyat dəhlizlərinin regionun inkişafına təsirindən bəhs edən nazir müavini Elmir Vəlizadə qeyd edib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıdakı illərdə yeni-yeni layihələrin gerçəkləşməsinə, qəbul olunmuş Strateji Yol xəritələri logistika və ticarətin inkişafı üçün də fundamental əsas yaradıb. O, diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi həm Avropa-Qafqaz-Asiya nəqliyyat (TRACECA) dəhlizi layihəsi, habelə "Şimal-Cənub" dəhlizi üçün mühüm əhəmiyyət daşıyır. Nazir müavini E.Vəlizadə iştirakçıları perspektivdə olan digər nəqliyyat layihələri ilə bağlı da məlumatlandırıb.
Türkiyənin nəqliyyat və kommunikasiya sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verən bu ölkənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan oktyabrın 30-da Azərbaycanda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük bir coğrafiyanın inkişafındakı rolunu yüksək qiymətləndirib. Nazir qeyd edib ki, iqtisadi inkişafın yüksəlişində, o cümlədən ticari əlaqələrin genişlənməsində beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən dəmir yolu şəbəkələri açar roluna malikdir. Böyük bir coğrafiyanı polad magistrallar üzərində birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu İƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin dinamik yüksəlişi üçün xüsusi gücə malikdir.
Ayrı-ayrı panellərdə keçirilən toplantı noyabrın 23-də davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul