ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Çin mədəniyyəti mövzusunda seminar keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin mədəniyyətində Çin ənənəvi əxlaqı” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Seminarı giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin sivilizasiyasının mənəvi sərvətinin mühüm tərkib hissəsi olan etik-əxlaqi ideyaların formalaşmasının tarixi prosesindən danışıb. O, həmçinin qədim Çin kanonunda qeyd olunan “Üç söz” adlı beş əsas ənənəvi etik normanı - xeyriyyəçilik, ədalət, ədəb, bilik, səmimiyyəti qeyd edib.
Şanxay Universitetinin magistri Kəmalə Məmmədova isə Üç çarlıq və Hancindi sülaləsi dövründə valideynə qayğı və ehtiram ənənəsindən danışıb. O, həmçinin qeyd edib ki, Çində minilliklər boyu qocalığa hörmət və uşaqlara qayğı göstərmək hər bir insanın fəziləti və borcudur. Beləliklə, Han sülaləsi fərmanlarında böyüklərə hörmət üçün mükafat nəzərdə tutulurdu, Sin imperatorları isə yaşlılar üçün ziyafətlər təşkil edirdilər.
Seminarda ADU-nun çinşünas tələbələri uşaqların tərbiyəsində və təhsilində özünü göstərən müəllimlərə hörmət, Konfutsinin dürüstlük və sədaqətlə bağlı nəsihətləri, “Ude” hərbi əxlaqı, davamlı milli xarakteri əks etdirən Çinin üç mənəvi simvolu - şam, bambuk və gavalı haqqında danışıblar.