ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində Çin memarlığına dair seminar təşkil edilib

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ilk qadın memarı Lin Huyinin və Pritsker mükafatı ilə təltif edilən ilk qadın memar Zaha Hadidin xatirəsinə həsr olunmuş "Çin memarlıq dünyası" adlı onlayn seminar keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov avanqard və eksperimental Qərb memarlığının və qədim Çin memarlığının ən yaxşı tendensiyalarını özündə birləşdirən müasir Çin memarlığının xüsusi üslubundan danışıb. Qeyd olunub ki, bunun sayəsində Çində müasir dövrün dahi memarı Zaha Hadidin layihələri əsasında inşa edilmiş ultramüasir nadir komplekslər yaranır.

R.Abbasov bildirib ki, Hadid layihəsi üzrə müasir Bakının rəmzlərindən sayılan və 2014-cü ildə dünyada ən yaxşı bina kimi tanınan Heydər Əliyev Mərkəzi tikilib. O, həmçinin qeyd edib ki, Zaha Hadidin bu layihəsi öz mükəmməlliyi və qeyri-adi arxitekturası ilə seçilir. Bu unikal layihə dünya memarlığında özünəməxsus yer tutur. Heydər Əliyev Mərkəzinin dizaynı ölkənin tarixi ənənələri ilə yanaşı, gələcək inkişaf istiqamətlərini özündə əks etdirərək Zaha Hadidin ən mühüm memarlıq incilərindən biri hesab olunur.

Seminarda ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Zaha Hadidin Çin memarlığı tarixində yaratdığı incilərdən, o cümlədən Quançjou Opera Teatrı, dünyanın ən böyük sərnişin terminalı sayılan Pekin Beynəlxalq Hava Limanı, Çanşa Beynəlxalq Mədəniyyət və İncəsənət Mərkəzi, Çjengçjou şəhərindəki Dizayn Mərkəzi, Honkonqda Politexnik Universiteti, həmçinin Pekin, Şanxay, Çunsindəki ofis və ticarət-əyləncə kompleksləri olan əsərlərindən bəhs ediblər.

Konfutsi İnstitutunun müəllimi Əfsanə Mirsalayeva isə müasir Çin memarlığının incilərindən sayılan, ADU Konfutsi İnstitutunun tərəfdaşlıq etdiyi Xuçjou Universitetinin aşağı mərtəbələri su altında olan "yaşıl kampus" arxitekturasında yerləşən Xuçjou şəhərindəki “Şeraton Hotel” haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.