ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb
Bakı, 30 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, universitetin əməkdaşları və terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verərək, 12 il əvvəl baş vermiş terror hadisəsi nəticəsində ADNSU-nun çox qiymətli müəllim və tələbələrini itirdiyini deyib. Faciə qurbanlarının xatirəsinin universitetdə daim əziz tutulduğunu qeyd edən rektor M.Babanlı Vətən müharibəsində şəhid olmuş 22 nəfər məzunun xatirəsinin də hər zaman dərin ehtiram və fəxrlə yad ediləcəyini bildirib.
Sonra 30 aprel hadisəsindən bəhs edən videoçarx nümayiş olunub. Terror qurbanlarının ailə üzvləri övladlarının xatirəsinin ADNSU-da daim yad edilməsinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.