ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) psixoloq İlkin Kazımlı ilə tələbələrin görüşü təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Aİİ-nin ilahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov təhsil müəssisəsinin tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması üçün ardıcıl seminarlar, görüşlər, dəyirmi masalar təşkil etdiyini qeyd edib. M.Mürsəlov institutun təhsilin keyfiyyəti ilə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.
Sonra psixoloq İlkin Kazımlı tələbələrlə görüşünün məqsədinin gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərmək olduğunu bildirib.
Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, problemi həlletmə bacarıqları haqqında ətraflı məlumat verib.
İ.Kazımlı gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.