SİYASƏT
Azərbaycan-İtaliya münasibətləri müzakirə olunub
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Respublikasının sabiq xarici işlər naziri Franko Frattini ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə 2017-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xatırlanıb, bu illər ərzində iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrində yüksək səviyyəli münasibətlərin qurulduğu qeyd olunub. Xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilib, bu xüsusda TAP layihəsinin regional əhəmiyyətinə toxunulub.
Həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari durumu və perspektivlər barəsində fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər müzakirə olunub.