QAN YADDAŞI
Azərbaycan Memarlıq və İnşaat Universitetində Xocalı faciəsi qurbanları anılıb
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin ağsaqqallar şurasının sədri Bəhram Avılov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. B.Avılov Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. O qeyd edib ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunub, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılıb.
AzMİU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri Bayram Aslanov da öz çıxışında gənclərin diqqətini dünyada gedən virtual informasiya müharibəsinə çəkib. O, virtual müharibədə tələbələri internet resuslarında, müxtəlif kommunikasiya vasitələrindən fəal iştirak etməyə, ölkəmizin apardığı beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən tədbirlərdə fəallıq göstərməyə səsləyib.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, dəhşətli gecədən bəhs edən film nümayiş olunub.