MƏDƏNİYYƏT
Azərbaycan Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı təşkil edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində fortepiano musiqisi axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və tanınmış pianoçu Səidə Tağızadənin ifasında yerli və xarici bəstəkarların əsərləri təqdim olunub.
Keçirilən konsertin məqsədini açıqlayan pianoçu və bəstəkar Ü.Hacıbəyova deyib: “Biz Azərbaycanda baş verən 3 mühüm hadisəni qeyd edirik. Birinci Ali Baş Komandanın rəhbərliyi və Milli Ordumuzun qəhrəmanlığı nəticəsində doğma Qarabağımızın azad olunmasını, ikinci Bakı Musiqi Akademiyasının 100 illiyini və nəhayət dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin dünyaya göz açdığı günü- ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən qəbul etdiyimiz Milli Musiqi Gününü qeyd edirik.”
Bildirib ki, bugünkü konsert proqramına klassizim və romantizmi əhatə edən əsərlər daxil edilib.
Proqram çərçivəsində İohann Sebastyan Bax, Ferruçço Buzoni, Sergey Raxmaninov, Jan Filipp Ramo, Qara Qarayev, A.Məlikov, İsmayıl Hacıbəyov, Fərəc Qarayev, və Firəngiz Əlizadənin əsərləri səsləndirilib.
Konsert “Koroğlu” operasından uvertüranın səslənməsi ilə başa çatıb.