SİYASƏT
Azərbaycan Prezidentinin bu Sərəncamı “Qarabağa qayıdırıq, buna hazır olun!” mesajıdır
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı Qarabağla bağlı yeni dövrün başlanğıcıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov dövlətimizin başçısının Sərəncamını şərh edərkən bildirib. O qeyd edib ki, Azərbaycan Prezidentinin bu Sərəncamı “Qarabağa qayıdırıq, buna hazır olun!” mesajıdır.
2016-cı ilin aprel hadisələrinə toxunan komitə sədri qeyd edib ki, ordumuzun qələbəsi xalqımızda, xüsusilə gənclərimizdə böyük ruh yüksəkliyi yaradıb, inamı daha da artırıb. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması ilə bağlı Sərəncam isə Azərbaycanın Qarabağla bağlı konkret mövqeyinin ifadəsidir.
F.Muradov deyib: “Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan işğal altında olan bütün torpaqlarını azad edəcək. Bunun alternativi yoxdur. Lələtəpə qələbəsi dönüş nöqtəsidir və dövlətimizin başçısının xalqımıza arxalanaraq ortaya qoyduğu iradənin nəticəsidir. Əminik ki, bu vəhdət tezliklə bizi doğma Şuşamıza, Xankəndimizə və işğal altında olan digər ərazilərimizə qovuşduracaq”.