CƏMİYYƏT
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə əməkdaşlığı uğurla davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Belarus Respublikası Baş Prokurorluğunun və BPA-nın birgə təşkilatçılığı ilə Minskdə Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrinin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə “Cəmiyyətin qlobal rəqəmsallaşması dövründə prokurorların cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığı” mövzusunda regional konfrans keçirilib.
Belarusun Baş prokuroru Aleksandr Konyukun dəvəti ilə tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, BPA-nın vitse-prezidenti Kamran Əliyevin rəhbərliyi ilə Baş İdarənin rəis müavini Əli Nağıyev və Bakı şəhər prokuroru İlqar Abbasovdan ibarət nümayəndə heyəti təmsil edib.
Kamran Əliyev konfransda müasir dövrdə milli təhlükəsizliyə əsas təhdidlərdən olan terrorçuluğun təhlükəli təzahürlərindən hesab edilən kiber-terrorçuluqla mübarizə məsələlərinin müzakirəsinə həsr olunmuş Plenar iclasa həmsədrlik edib. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda cinayətkarlığın bu forması ilə mübarizə təcrübəsinə dair təqdimatla çıxış edərək ölkəmizin həmin sahədə formalaşdırdığı qanunvericilik və institusional baza, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən cinayət qanunvericiliyinin dekriminallaşdırılması və liberallaşdırılmasına, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatlar, həmçinin korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun Baş prokuroru Aleksandr Konyuk ilə görüşüb. Söhbət zamanı korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
BPA-nın rəsmiləri, Çin, Estoniya, Polşa, Rusiya və digər ölkələrin nümayəndə heyətləri ilə görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. İştirakçılara Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim olunub.
Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov iştirak edib.
Azərbaycan nümayəndə heyətinin üzvləri 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə ölkəmizin Belarusdakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi ziyafətə də qatılıblar.