ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti daha bir universitetlə əməkdaşlığa başlayır
Bakı, 4 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Eldar Hacıyev və universitetin professoru İmpiriat Xalipaeva Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov ölkəmizlə Rusiya Federasiyası arasında olan tarixi dostluq əlaqələrindən danışıb, əməkdaşlıq üçün böyük perspektivin olduğunu bildirib. AzTU-nun tarixi, elmi və kadr potensialı, beynəlxalq əlaqələri haqqında geniş məlumat verən X.Yahudov iki universitet arasındakı əməkdaşlığın elmin inkişafına töhfə verəcəyini vurğulayıb.
AzTU haqqında təəssüratlarının yüksək olduğunu deyən qonaqlar Dağıstan Dövlət Pedaqoji Universiteti haqqında məlumat veriblər. Qonaqlar universitetin fakültələri, kafedraları, müəllim-tələbə potensialı və beynəlxalq əlaqələrindən danışıblar. Qeyd olunub ki, Dağıstan Dövlət Pedaqoji Universiteti bir sıra beynəlxalq layihələrdə, o cümlədən “Erasmus+” layihəsində uğurla iştirak edir.
Görüşdə hər iki universitetin beynəlxalq təhsil layihələrində birgə iştirakı qərara alınıb.
Daha sonra AzTU ilə Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilədə iki universitetin kompüter mühəndisliyi, enerji mühəndisliyi, informasiya kommunikasiyaları texnologiyaları, texnologiya mühəndisliyi sahələrində əməkdaşlığı, müəllim-tələbə mübadiləsi, birgə konfransların, elmi seminarların təşkili və s. məsələlər yer alıb.