İDMAN
Azərbaycan “Tokio 2020” VI Yay Paralimpiya Oyunlarında 30-dan çox idmançı ilə təmsil oluna bilər
Bakı, 11 oktyabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsində (MPK) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə seminar keçirilib. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən gənclər və idman idarələrinin, uşaq-gənclər idman məktəblərinin, eyni zamanda, Olimpiya idman komplekslərinin nümayəndələri üçün təşkil olunan seminar regionlarda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan MPK-nın birinci vitse-prezidenti Natiq Qasımov Azərbaycanda Paralimpiya hərəkatı və bu sahəyə göstərilən dövlət qayğısı haqqında geniş məlumat verib.
Qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün respublikamızda Paralimpiya hərəkatı sürətlə inkişaf edir. MPK-nın nəzdində idman növləri və paralimpiyaçıların sayı gün-gündən artır. Paralimpiyaçılarımız nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə komitənin nəzdində ehtiyat idmançıların hazırlanması məqsədi ilə Uşaq Paralimpiya Komitəsi yaradılıb və hazırda bu hərəkat sürətlə inkişaf etməkdədir.
“Regionlarda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və ehtiyat idmançıların hazırlanması məqsədi ilə tərəfimizdən müvafiq seleksiya işləri aparılır. Nəticə olaraq Gəncədə və Ağcabədidə MPK-nın regional bölmələri yaradılıb. Paralimpiya dəyərlərinin və fəlsəfəsinin cəmiyyət arasında təbliğ edilməsi və fiziki məhdudiyyətli şəxslərin müəyyən edilərək Paralimpiya hərəkatına cəlb edilməsi sahəsində işlər davam etdirilir. Məqsədimiz seminar iştirakçılarına Paralimpiya haqqında geniş məlumat verərək, onları təlimatlandırmaq, gələcəkdə bu sahədə birgə fəaliyyət göstərməkdir”, - deyə N.Qasımov əlavə edib.
O, ümidvar olduğunu bildirib ki, bu seminar bölgələrdə Paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verəcək. N.Qasımov seminarın keçirilməsinə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinin rəhbərliyinə komitə adından təşəkkürünü bildirib.
Daha sonra MPK-nın baş katibi Kamal Məmmədov geniş təqdimatla çıxış edib. Azərbaycanın 1996-cı ildə ilk dəfə olaraq Atlanta Paralimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunduğunu qeyd edən K.Məmmədov əlavə edib ki, sonrakı oyunlarda idman növləri üzrə iştirak və medal sayı daha da artıb. Gələn ilk keçiriləcək “Tokio 2020” VI Yay Paralimpiya Oyunlarında 30-dan çox idmançı ilə təmsil olunmağı proqnozlaşdırırıq.
K.Məmmədov əlilliyi olan insanlarla etik danışıq və davranış qaydaları, idman növləri üzrə tibbi təsnifat, əlillərin reabilitasiyası və onların asudə vaxtlarının təşkili ilə məşğul olan QHT-lərlə birgə fəaliyyət, yerlərdə fəaliyyət göstərən idman komplekslərinin mütəxəssisləri üçün seminarların keçirilməsi sahəsində görülməsi vacib olan məsələlər və birgə fəaliyyət haqqında söz açıb.
Cüdo üzrə kişilərdən ibarət Paralimpiya milli Komandamızın baş məşqçisi İbrahim İbrahimov, üzgüçülük üzrə Paralimpiya yığmamızın çalışdırıcısı Alavərdi Culfayev və kamandan oxatma idman növü üzrə Paralimpiya seçməsinin baş məşqçisi İlqar Abbasov seminar iştirakçılarına öz idman növləri haqqında ətraflı məlumat veriblər.
Sonra təqdimatlar üzrə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, bu mövzuda ilk dəfə keçirilən seminarda 33 şəhər və rayondan 39 nümayəndə iştirak edib.