İQTİSADİYYAT
Azərbaycan Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının Əsasnaməsinin imzalanması mərasimində təmsil edilib
Bakı, 17 may, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının (TTSP) Əsasnaməsinin imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdat Amreevin dəvəti ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev təmsil edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə yanaşı, Qazaxıstanın Baş naziri Askar Mamin, Milli İqtisadiyyat naziri Ruslan Dalenov, “Atameken” Qazaxıstan Milli Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Ablay Myrzahmedov, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rifat Hısarcıklıoğlu, ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov və digər rəsmi qonaqlar da iştirak edib.
Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasında Azərbaycan Sahibkarlar Konfederasiyası, Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası, Qırğız Respublikası Ticarət və Sənaye Palatası, Türkiyə Palatalar və Birjalar Birliyi, Türkmənistan Respublikası Ticarət və Sənaye Palatası, Özbəkistan Ticarət və Sənaye Palatası təmsil olunurlar.
Palatanın məqsədi türkdilli ölkələrin biznes sektorundakı əməkdaşlığı inkişaf etdirmək və bununla iqtisadi inteqrasiyaya, iqtisadi və ictimai inkişafa nail olmaqdır. Beləliklə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin bəyannaməsi əsasında Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan və Çolpan-Atada Türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərinin təşkil olunması qərara alınıb. Türkdilli dövlətlərin iqtisadiyyatlarının bir-birini tamamlaması faktoru, üzv dövlətlərin biznes icmaları arasında iqtisadi əlaqələrin gücləndirilməsi və türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi əsas hədəflərdəndir.
Qurumun vəzifələri arasında üzv ölkələrin mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla, bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində yardımlaşma istiqamətləri də var.
Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatası, eyni zamanda, Türk Şurası Sammiti müddətində dövlət rəhbərlərinin İqtisadi Şurasının verdiyi təlimatları yerinə yetirmək funksiyası daşıyır.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının yaradılması barədə razılıq 2018-ci il dekabrın 14-də Özbəkistanın paytaxtı Daşkənddə Türkdilli Dövlətlərin Biznes Şurasının rəsmi görüşü zamanı əldə olunub.