Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirib
AzerTAg.az

Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib. B.Əsgərov Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, iki il ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb. Bildirilib ki, müstəqilliyimizin əldə edilməsi heç də asan olmayıb. Onun əldə edilməsi və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladı canlarından keçərək şəhidlik zirvəsinə ucalıb.
Eyni zamanda, Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyi diqqətə çatdırılıb.
B.Əsgərov qeyd edib ki, bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Xəbərin mətnində orfoqrafik səhv var